2024-cü il üçün “Yüksəliş” müsabiqəsinin keçirilmə qaydaları

1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli, 1234 saylı Sərəncamına əsasən təsis edilmiş “Yüksəliş” müsabiqəsinin (bundan sonra “Müsabiqə”) məqsədləri, vəzifələri, iştirakçıların seçimi və Müsabiqənin keçirilmə qaydalarını müəyyən edir.
1.2. Müsabiqənin rəsmi dili Azərbaycan dilidir.
1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. Təşkilat Komitəsi – Müsabiqənin Qaydalarını təsdiqləyən, Müsabiqənin Qaydalara uyğun, obyektiv və qərəzsiz keçirilməsinə nəzarət edən, Müsabiqənin nüfuzunun qorunmasını təmin edən və Müsabiqəyə strateji rəhbərliyi həyata keçirən kollegial nəzarət orqanı;
1.3.2. İşçi qrupu –Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş, “Yüksəliş” İctimai Birliyinin işinə nəzarət edən orqan; İşçi qrupun sədri “Yüksəliş” İctimai Birliyinin rəhbəridir.
1.3.3. “Yüksəliş” İctimai Birliyi – Müsabiqənin təşkil olunması və idarə olunması ilə bağlı səlahiyyətləri həyata keçirən mərkəzdir.
1.3.4. İdarəçi rəhbər – dövlət və ya biznes idarəçiliyi sahəsində yüksək nailiyyətləri olan nüfuzlu və təcrübəli şəxs;
1.3.5. Ekspert – “Yüksəliş” İctimai Birliyi tərəfindən müstəqil olaraq seçilən və Müsabiqə çərçivəsində iştirakçıların qiymətləndirilməsini həyata keçirən elm və ya biznes nümayəndəsi, yaxud da personalın qiymətləndirilməsi üzrə mütəxəssis;
1.3.6. Qaydalar –Müsabiqə haqqında qaydaları əks etdirən cari sənəd;
1.3.7. Müsabiqənin saytı – Müsabiqənin rəsmi internet saytı olan www.yukselish.az saytı;
1.3.8. Şəxsi kabinet – Müsabiqənin saytında hər bir iştirakçıya aid məlumatların toplandığı və “Yüksəliş” İctimai Birliyi ilə iştirakçı arasında interfeys rolunu oynayan virtual məkan.

2. Müsabiqənin məqsədi, vəzifələri və prinsipləri
2.1. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
2.2. Müsabiqənin vəzifələri aşağıdakılardır:
2.2.1. Müsabiqə iştirakçılarının fərdi keyfiyyətlərinin və bacarıqlarının müəyyən edilməsinə imkan verən müxtəlif metodlardan istifadə etməklə onların çoxpilləli kompleks qiymətləndirilməsini həyata keçirmək;s
2.2.2. İştirakçıların idarəetmə sahəsində bacarıqlarını inkişaf etdirmək;
2.2.3. İştirakçılar arasında təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, onların inkişafına və ən yaxşı təcrübələrin yayılmasına nail olmaq.
2.3. Müsabiqə obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilir.

3. Müsabiqədə iştirak hüququ
3.1. Aşağıdakı tələblərin hər birinə cavab verən şəxslər Müsabiqədə iştirak etmək hüququna malikdirlər:
• müsabiqənin qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olması;
• ali təhsilli olması;
• Azərbaycan Respublikasının vətəndaşı olması;
• ən azı 2 il idarəçilik təcrübəsinin olması*
* İdarəetmə təcrübəsi – mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s. idarə olunması nəzərdə tutulur.

4. Müsabiqənin mərhələləri
4.1. Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:
- Qeydiyyat;
- Onlayn seçim;
- Əyani seçim
- Yarımfinal;
- Final;
4.2. Müsabiqənin hər bir mərhələsinin keçirilmə tarixləri barədə Müsabiqənin saytında məlumat yerləşdirilir.
4.3. Müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər Müsabiqədə iştirak etmək üçün Müsabiqənin saytında Şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla aşağıdakı şərtlərlə qeydiyyatdan keçirlər:
4.3.1. qeydiyyat mərhələsində namizəd Müsabiqənin şərtləri və qaydaları ilə tanış olduğunu və razı olduğunu bəyan edir, eləcə də fərdi məlumatlarının işlənilməsi, toplanılması və saxlanmasına dair razılığını bildirir;
4.3.2. namizəd qeydiyyat formasına daxil etdiyi məlumatların düzgün və dəqiq olmasını təmin edir (“Yüksəliş” İctimai Birliyinin namizədlərin qeydiyyat formasında göstərdiyi məlumatları dəqiqləşdirmək hüququ var);
4.3.3. hər bir namizəd Müsabiqədə yalnız bir dəfə qeydiyyatdan keçə bilər;
4.4. Qeydiyyat mərhələsini uğurla başa vuran bütün namizədlər onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələ Müsabiqənin saytında onlayn rejimdə keçirilir. Həmin mərhələdə iştirakçıların idarəçilik potensialı müxtəlif tapşırıqlar və testlər vasitəsilə qiymətləndirilir və nəticələrə əsasən hər bir iştirakçının fərdi reytinq balı müəyyən olunur.
4.5. Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti şəxsi kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Əyani şəkildə həyata keçən bu mərhələdə iştirakçıların erudisiyası ilə yanaşı, sosial intellekti, yazı və danışıq qabiliyyətləri də yoxlanılır. Bu mərhələdə iştirak etmək üçün iştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, əyani şəkildə iştirak edirlər.
4.6. Yarımfinal mərhələsi Azərbaycan Respublikasının müxtəlif şəhərlərində təşkil edilən regional tədbirlər formatında keçirilə bilər.
4.7. Yarımfinal mərhələsində ən yüksək fərdi reytinq balı toplamış 100 nəfərə qədər iştirakçı Müsabiqənin Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ əldə edir.
4.8. Yarımfinalların nəticələrinə əsasən yüksək reytinq balı toplamış, lakin iştirakçıların say məhdudiyyətinə görə finala keçə bilməyən iştirakçılar gözləmə siyahısına daxil edilirlər. Əgər hər hansı iştirakçı finalda iştirakdan imtina edərsə, o, gözləmə siyahısında olan ən yüksək reytinq balına malik iştirakçı ilə əvəz edilə bilər.

5. Müsabiqə tədbirlərinin şərtləri
5.1. Onlayn seçim mərhələsi zamanı iştirakçılar fərdi qaydada suallara cavab verirlər.
5.2. Müsabiqənin əyani, yarımfinal və final mərhələləri xüsusi təşkil olunan tədbirlər formatında keçirilir.
5.3. İştirakçı Müsabiqənin şərtlərinə uyğun bütün tədbirlərdə iştirak etməlidir. Tədbirlərə gəlməyən, gecikən və ya tədbiri vaxtından əvvəl tərk edən şəxslər Müsabiqədən kənarlaşdırılır.
5.4. Yarımfinal və final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəçilik bacarıqları fərdi və qrup tapşırıqlarının köməyi ilə qiymətləndirilir və onlara müvafiq reytinq balları verilir. İştirakçılara eyni sayda və çətinlik dərəcəsində tapşırıqlar təklif olunur və onlara tapşırıqların həlli üçün bərabər imkanlar yaradılır.
5.5. Qrup tapşırıqlarının yerinə yetirilməsi üçün iştirakçılar qruplara bölünürlər. Qruplarda aparılan işlərin qiymətləndirilməsi Ekspertlərə həvalə olunur. Əgər Ekspertlə iştirakçı arasında hər hansı maraqların toqquşması və ya üst-üstə düşməsi halları məlum olursa (qohumluq əlaqələri, işgüzar münasibətlər və digər hallar), bu haqda dərhal Ekspert və ya iştirakçı “Yüksəliş” İctimai Birliyinə məlumat verməli və ekspert başqa qrupa keçirilməlidir. Əks halda ekspert və ya iştirakçı müsabiqədən dərhal kənarlaşdırılır.
5.6. Müsabiqənin yarımfinal və final mərhələləri zamanı verilən tapşırıqların həll edilməsi prosesində telefon, planşet və digər qurğulardan istifadə etmək qadağandır. Tapşırıqların xarakterindən və formatından asılı olaraq, “Yüksəliş” İctimai Birliyi öz mülahizəsinə əsasən iştirakçılara müxtəlif avadanlıqlar təqdim edə bilər.
5.7. Əyani, yarımfinal və final tədbirlərinin keçirilməsi üçün müvafiq şərait və ləvazimatlar, və zəruri sayılan digər xərclər “Yüksəliş” İctimai Birliyi tərəfindən təmin olunur.

6. İştirakçıların qiymətləndirilməsi
6.1. Müsabiqə iştirakçıları onların Müsabiqə tapşırıqlarının yerinə yetirilməsi zamanı nümayiş etdirdikləri intellektual biliklər və idarəetmə bacarıqlarına əsasən qiymətləndirilir.
6.2. İştirakçılara Müsabiqənin gedişində müxtəlif tapşırıqlar verilir (testlər, komanda işi, işgüzar tapşırıqlar və s.) və onların bacarıqlarının kompleks qiymətləndirilməsi həyata keçirilir.
6.3. Tapşırıqların həllinin nəticələrinə müvafiq olaraq iştirakçılar ballar qazanırlar. Bu ballar toplanaraq onların fərdi reytinq balını təşkil edir.
6.4. Müsabiqənin yarımfinal və final mərhələlərində qaydaların pozuntusuna yol vermiş iştirakçının fərdi reytinq balından aşağıdakı hallarda ekspertlər tərəfindən cərimə balları tutula bilər:
6.4.1. Telefon, planşet və digər qurğulardan istifadə edilməməsinə dair ekspertin tələbinin təkrarən pozulması;
6.4.2. Tapşırığın fərdi yerinə yetirilməsi və digər iştirakçılarla məsləhətləşməməyə dair ekspertin tələbinin təkrarən pozulması;
6.4.3. Tapşırığın yazılı və ya şifahi təlimatın şərtlərinə uyğun yerinə yetirilməsinə dair ekspertin tələbinin təkrarən pozulması;
6.4.4. Ekspertin digər tələb və təlimatlarına təkrarən əməl etməməsi.
6.5. Müsabiqənin hər bir mərhələsinin nəticələrinə görə daha yüksək reytinq balına malik iştirakçılar, növbəti mərhələdə iştirak etmək hüququ əldə edirlər. Müsabiqənin hər bir mərhələsində nəticələrin hesablanması ayrıca aparılır və iştirakçıların əvvəlki mərhələdə topladıqları ballar nəzərə alınmır.

7. İştirakçıların vəzifələri
7.1. İştirakçı Müsabiqənin nümayəndələrinə, ekspertlərə, eləcə də Müsabiqə ilə əlaqədar digər şəxslərə hədiyyə və ya digər mükafatlar (o cümlədən, Müsabiqə çərçivəsində keçirilə biləcək viktorina və yarışmaların nəticələrinə görə hədiyyə və mükafatlar) təklif və təqdim etməməlidir, habelə təqdim edəcəyinə dair vəd verməməlidir.
7.2. İştirakçı Müsabiqədə iştirakı dövründə hər hansı dövlət orqanı tərəfindən inzibati xəta haqqında iş üzrə icraat və ya cinayət prosesi çərçivəsində araşdırmaya cəlb olunarsa, eləcə də onun barəsində hər hansı inzibati tənbeh və (və ya) cinayət-hüquqi xarakterli tədbir görülərsə, iştirakçı müvafiq qanunun yol verdiyi hədd çərçivəsində dərhal bu barədə Şəxsi kabinet vasitəsilə “Yüksəliş” İctimai Birliyinə məlumat verməlidir.

8. Müsabiqə məlumatlarının məxfiliyi
8.1. İştirakçı Müsabiqə tapşırıqlarına aid olan təlimatları, materialları, eləcə də tapşırıqların həllinə dair qeydləri özü ilə aparmamalı və Ekspertin ilkin tələbinə əsasən təhvil verməlidir.
8.2. İştirakçı tapşırıqların və onların həllinə dair materialların foto və video çəkilişini həyata keçirməməli, eləcə də həmin materialların surətini hər hansı başqa formada çıxarmamalıdır. Müsabiqə tapşırıqlarının foto və video görüntülərinin internetdə, sosial şəbəkələrdə və ictimaiyyətə açıq digər mənbələrdə yayılmasına, habelə həmin görüntülərin üçüncü şəxslərə göndərilməsi və ya üçüncü şəxslərlə həmin materiallar barəsində hər hansı məlumat mübadiləsinin aparılmasına yol verilmir.
8.3. İştirakçılar kütləvi informasiya vasitələrinin nümayəndələrinə Qaydaların tələblərinə əməl etmək şərti ilə müsahibə verə bilərlər. Belə müsahibə nəticəsində Müsabiqə tapşırıqlarına dair hər hansı məlumat ötürülməsi baş verərsə, iştirakçı buna görə məsuliyyət daşıyır. Müsahibə verməyə razılıq və ya ondan imtina olunması iştirakçının öz istəyinə əsasən verilən qərardır və iştirakçının qiymətləndirilməsinə təsir etmir.
8.4. “Yüksəliş” İctimai Birliyinin qərarına əsasən Müsabiqənin yarımfinal və final mərhələsi çərçivəsində keçirilən bəzi tədbirlərin kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən foto və (və ya) video çəkilişi həyata keçirilə, habelə həmin çəkilişlər kütləvi informasiya vasitələrində yayımlana bilər. İştirakçılar bu Qaydaları imzalamaqla çəkilişə və yayıma razılıqlarını bildirirlər, lakin müsahibə verməkdən imtina etmək hüquqlarını saxlayırlar.

9. İştirakçıların müsabiqədən çıxması və ya kənarlaşdırılması
9.1. İştirakçı öz xahişi ilə Müsabiqədən çıxmaq barədə “Yüksəliş” İctimai Birliyinə yazılı ərizə təqdim etməklə Müsabiqədə iştirakına xitam verə bilər.
9.2. Aşağıdakı hallarda iştirakçı Müsabiqədən kənarlaşdırıla bilər:
9.2.1. Qeydiyyat zamanı və ya Müsabiqənin istənilən digər mərhələsində saxta sənədlər təqdim etmə, eləcə də “Yüksəliş” İctimai Birliyi tərəfindən tələb olunan məlumatları verməmə və ya yalan məlumatlar vermə;
9.2.2. İştirakçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cəza təyin edilməsi;
9.2.3. Müsabiqə tədbirlərinə gecikmə və ya tədbirlərdə iştirak etməmə (iştirakçının gecikməsinin və ya iştirak etməməsinin onun iradəsindən asılı olmayan hala görə baş verdiyini təsdiq edən sənədlər təqdim edərsə, kənarlaşdırılmanın ləğvinə dair müraciətinə baxıla bilər);
9.2.4. İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə cəhdi;
9.2.5. Müsabiqə tapşırıqlarının və onların həllinə dair materialların foto və video çəkilişinin həyata keçirilməsi, habelə Müsabiqə tapşırıqlarına aid şəkil və video materialların internetdə, sosial şəbəkələrdə və ya digər açıq mənbələrdə yerləşdirilməsi;
9.2.6. Müsabiqə tapşırıqlarına və ya onların həllinə dair məlumatların kütləvi informasiya vasitələrinin nümayəndələrinə ötürülməsi;
9.2.7. Ekspert ilə qohumluq, işgüzar və sair əlaqələrin olması barədə “Yüksəliş” İctimai Birliyinə məlumatın verilməməsi;
9.2.8. İştirakçı tərəfindən Müsabiqə və ya onun iştirakçılarını nüfuzdan salan, həqiqətə uyğun olmayan məlumatların dərc olunması;
9.2.9. Müsabiqənin Ekspertlərinə və digər aidiyyəti şəxslərə hədiyyə və ya mükafatların təklif olunması;
9.2.10. Bu Qaydalarda nəzərdə tutulmuş digər hallar.

10. Müsabiqə qaliblərinin mükafatlandırılması
10.1. Müsabiqənin qalibi olacaq 20 nəfərə qədər iştirakçıya sertifikat təqdim olunur, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi Rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq şansı əldə edirlər.
10.2. Müsabiqənin final mərhələsində iştirak etmiş və qalib olmuş bütün iştirakçılar təhsil və peşəkarlığın artırılması proqramlarında iştirak üçün mükafat almaq hüququ əldə edirlər.

11. Şikayət və apelyasiya qaydaları
11.1. Apelyasiyanın verilməsinə dair qaydalar “Yüksəliş” İctimai Birliyi tərəfindən müəyyən olunur və Müsabiqənin saytında yerləşdirilir (www.yukselish.az/docs/rules_for_appeals).

12. Təşkilat Komitəsi
12.1 Müsabiqəyə ümumi rəhbərlik və nəzarət Təşkilat Komitəsi tərəfindən həyata keçirilir.
12.2 Təşkilat Komitəsi ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir.
12.3 Təşkilat Komitəsi, onun sədri də daxil olmaqla, doqquz üzvdən ibarətdir. Təşkilat komitəsinin üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
12.4 Təşkilat Komitəsi:
12.4.1 Müsabiqənin Qaydalarını təsdiq edir, Təşkilat Komitəsinin sədrinin, üzvlərinin və “Yüksəliş” İctimai Birliyinin rəhbərinin təkliflərinə əsasən Qaydalara əlavə və dəyişikliklər edir;
12.4.2 Müsabiqəni elan edir və nəticələrə əsasən qalibləri mükafatlandırır.
12.5 Təşkilat Komitəsinin sədri hər mərhələnin sonunda iclasları çağırır və iclaslara sədrlik edir. Təşkilat Komitəsinin iclasları Təşkilat Komitəsinin üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətlidir. Təşkilat Komitəsinin iclasında qərarlar, hər üzv bir səsə malik olmaqla, açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
12.6 İclasın gündəliyinə Təşkilat Komitəsinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
12.7 Təşkilat Komitəsinin sədri Təşkilat Komitəsinin işini təşkil edir, iclaslar çağırır və iclaslara sədrlik edir.

13. “Yüksəliş” İctimai Birliyi
13.1. “Yüksəliş” İctimai Birliyinin vəzifələri aşağıdakılardır:
13.1.1. Müsabiqənin cədvəlini, qiymətləndirmə metodlarını, eləcə də onun keçirilməsi üçün digər normativ sənədləri hazırlayır;
13.1.2. Müsabiqənin keçirilməsi üçün informasiya texnologiyaları dəstəyini təşkil və təmin edir;
13.1.3. Müsabiqənin bütün mərhələlərini təşkil edir;
13.1.4. Müsabiqə ilə əlaqədar təbliğat və maarifləndirici tədbirlər həyata keçirir, digər təşkilati məsələləri həll edir.
13.2. “Yüksəliş” İctimai Birliyinə rəhbərliyi İşçi qrupun rəhbəri, “Yüksəliş” İctimai Birliyinin sədri həyata keçirir. “Yüksəliş” İctimai Birliyinin sədrinin səlahiyyətləri aşağıdakılardır:
13.2.1. “Yüksəliş” İctimai Birliyinin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və təmsil edir;
13.2.2. Müsabiqənin məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
13.2.3. “Yüksəliş” İctimai Birliyinin fəaliyyətinə dair daxili qaydaları, əməkhaqqı fondu və işçilərin say həddi daxilində strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir və vəsaitin səmərəli istifadə olunmasını təmin edir;
13.2.4. “Yüksəliş” İctimai Birliyinin işinin təşkili ilə əlaqədar icrası məcburi olan əmrlər verir, “Yüksəliş” İctimai Birliyinin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
13.2.5. “Yüksəliş” İctimai Birliyinin əməkdaşlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

14. İdarəçi Rəhbərlər
14.1. İdarəçi rəhbərlər siyahısı Təşkilat Komitəsi tərəfindən təsdiq olunur.
14.2. İdarəçi rəhbərlər aşağıdakı funksiyaları yerinə yetirirlər:
14.2.1. Müsabiqə tədbirləri çərçivəsində iştirakçılara fərdi təlimlər keçmək;
14.2.2. müxtəlif Müsabiqə tapşırıqlarının qiymətləndirilməsində Ekspert qismində çıxış etmək;
14.2.3. qalib gələn iştirakçılar üçün fərdi inkişaf planlarının hazırlanmasında iştirak etmək və həmin planların icrasına nəzarət etmək;
14.2.4. qalib gələn iştirakçılara müvafiq təcrübə və mentorluq proqramları təşkil etmək.

15. Yekun müddəalar
15.1. “Yüksəliş” İctimai Birliyi anlaşılmazlıqlar və mübahisəli məsələlər yarandığı halda Qaydaları şərh etmək hüququna malikdir.
15.2. Müsabiqənin şərtləri və qaydaları barədə əlavə məlumatlar, eləcə də mövcud qaydalara edilən əlavə və dəyişikliklər Müsabiqənin saytında dərc olunur. Qaydalar, eləcə də onlara edilən hər hansı əlavə və dəyişikliklər iştirakçılar tərəfindən mübahisəsiz qəbul edilir.