İqtisadiyyat naziri Mikayıl Cabbarov
“Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə dəvət ünvanlayıb

21.01.2020
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü İqtisadiyyat naziri Mikayıl Cabbarov karyera qurmağa başlayan gənclərə dəvət ünvanlayıb:

“Yüksəliş” müsabiqəsi hər kəsə, sadəcə, öz bacarığı, intellekti ilə inkişaf etmək və yüksəlmək imkanı verir. Ali təhsilini tamamladıqdan sonra əmək fəaliyyətinə başlayan bir çox şəxs ölkənin gələcəyinin qurulmasında da iştirak etməyi qarşısına hədəf qoyur. Ancaq bu iştirak yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq, hər bir kadrdan müəyyən bacarıqlar tələb edir. XXI əsrin öz tələbləri var və bu tələblər sürətlə dəyişir. İdarəetmədə iştirak edəcək kadrlara qarşı tələblər isə bir az da yüksəkdir. Onlardan yüksək intellektual zəka, strateji düşünmək bacarığı ilə yanaşı, sosial məsuliyyətlilik, innovativliklərin tətbiqi xüsusiyyətləri də tələb olunur. Gələcək idarəçilər qərar qəbul etmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, komandada işləmək bacarığına sahib olmalıdırlar. Bu keyfiyyətlərə malik olanlar həm də “Yüksəliş” müsabiqəsinin qalibləri ola bilərlər. Qalib olduqdan sonra onlara təqdim ediləcək qrant isə onların fərdi inkişafı yolunda yeni bir başlanğıc ola bilər. Sadəcə qaliblər deyil, müsabiqənin bütün iştirakçıları yeni mühitdə çalışacaq, finalçılar ölkənin tanınmış idarəçi rəhbərlərinin mentorluq proqramında iştirak edəcəklər.Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq. Bir sözlə, «YÜKSƏLİŞ» - ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir. Bu imkanlar həm də kadrların hazırlanmasına qarşı ¬¬hiss edilən məsuliyyətin də bir göstəricisidir. İstedadı, intellekti, idarəetmə bacarığı olan hər bir şəxs bu müsabiqəyə qatılaraq həm özünün fərdi inkişafına nail ola, həm də adını kadr ehtiyat bankına yazdıra bilər.

“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!