1820

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı

2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandı. Növbəti “Yüksəliş” müsabiqəsi sayca keçirilən 6-cı müsabiqə olacaq. Yaxın zamanda müsabiqəyə qeydiyyat tarixləri və qeydiyyat prosesi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, 2019–2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən olunub. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilmiş, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesdə iştirak etmiş və nəticədə 116 nəfər qalib elan edilmişdir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.