Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

30.01.2024

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova ilə görüşüb.

Sədr qalibi təbrik edib və mentoru olaraq birillik fərdi inkişaf planı əsasında onunla peşəkar əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, bacarıqlarının artırılması istiqamətində layihələrə cəlb olunmasına lazımi şərait yaradacağını bildirib.

Görüşdə Ülvi Mehdiyev müsabiqə qalibini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün ona müvafiq tapşırıqlar təqdim edib. Xanım Daşdəmirova isə səmimi qəbula görə təşəkkür edərək Mentorluq proqramı çərçivəsində Ülvi Mehdiyevin təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.



PR-header-photo PR-header-photo