“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Əli Əhmədovla yekun görüşünü keçirib. Görüşdə 1 illik fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, proqramın nəticələri ətraflı müzakirə edilib.
Zakir İbrahimov Mentorluq proqramının uğurla başa çatması münasibətilə Əli Əhmədovu təbrik edib, qarşılıqlı faydalı əməkdaşlıqdan məmnun olduğunu dilə gətirib. QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzu edib.
“AzerGold” QSC-də müşavir vəzifəsinə təyin olunan Əli Əhmədov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, karyera və şəxsi həyat balansının qorunub saxlanılması, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, qazandığı nəzəri-praktiki təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.