Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Quliyev tələbələrlə Mentorluq proqramı çərçivəsində görüş keçirib

19.12.2023

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Quliyev proqrama qəbul olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Səriyyə Əliyeva, Mədinə Abbasova, Nərmin Zeynallı ilə tanışlıq görüşü keçirib. Mentor Orxan Quliyev əmək bazarında güclü kadr olmaq üçün müxtəlif sahələrdə iş təcrübələrini artırmaq məqsədilə atılacaq addımlardan danışıb. Müasir texnologiya sahəsinin inkişafı nəticəsində əldə edilən bilik və bacarıqların karyera üçün önəmli perspektivləri barədə müzakirələr aparılıb. O, Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.   

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.