Elm və təhsil naziri Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla görüş keçirib.
Görüş zamanı Emin Əmrullayev “Yüksəliş” müsabiqəsinin ölkədə peşəkar kadrların yetişdirilməsi, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu vurğulayıb. O, təhsil sahəsində innovativ yanaşmalar, rəqəmsal texnologiyaların tətbiqi və təhsil idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib. Nazir qeyd edib ki, idarəetmə potensialı yüksək mütəxəssislərin elm və təhsil sahəsinə inteqrasiyası bu sahənin davamlı inkişafı üçün vacibdir.
Orxan İsgəndərov və İnsafəli Səmədov Mentorluq Proqramının onlara verdiyi imkanlardan danışaraq təhsil sistemində müasir idarəetmə modelləri, təhsilin keyfiyyətinin artırılması və elmi tədqiqatların stimullaşdırılması istiqamətində öz baxışlarını bölüşüblər. Onlar, xüsusilə, təhsilin rəqəmsallaşdırılması, innovativ pedaqoji yanaşmaların tətbiqi və beynəlxalq təcrübənin yerli təhsil sisteminə inteqrasiyası ilə bağlı təkliflərini təqdim ediblər. “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.
Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
21.04.2025

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində ilk sınaq imtahanı keçirilib
21.04.2025

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
18.04.2025