1820

Energetika naziri Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Teymur Rəhimovla görüş keçirib.  

Görüş zamanı Pərviz Şahbazov “Yüksəliş” müsabiqəsinin ölkədə istedadlı və peşəkar kadrların inkişafına verdiyi töhfəni vurğulayıb. O, Mentorluq Proqramının potensiallı mütəxəssislərin praktiki bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını qeyd edərək energetika sektorunun çağırışları, dayanıqlı enerji siyasəti və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı geniş məlumat verib. Nazir enerji səmərəliliyinin artırılması, yaşıl enerji strategiyasının tətbiqi və Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi islahatlarla bağlı fikirlərini bölüşüb.  

Teymur Rəhimov Mentorluq Proqramının onun üçün böyük təcrübə qazandırdığını bildirərək xüsusilə enerji sahəsində müasir tendensiyalar, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ilə bağlı biliklərini genişləndirmək istədiyini qeyd edib. O, energetika sahəsindəki yeniliklərə və gələcək inkişaf imkanlarına dair öz baxışlarını təqdim edərək bu istiqamətdə iştirak etmək arzusunu ifadə edib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.