Gənclər və idman naziri Fərid Qayıbov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

22.01.2024

Gənclər və idman naziri Fərid Qayıbov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyeva ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib. Görüşdə nazir müavinləri İndira Hacıyeva, Fərhad Hacıyev və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.

Müsabiqə qalibləri ilə ötən görüşdə müzakirə olunan mövzulara nəzər yetirən Fərid Qayıbov, qaliblərin gələcək fəaliyyət istiqamətləri və qarşıdakı hədəfləri ilə yaxından maraqlanıb. Nazir görüşün davamında qurumun fəaliyyəti və strukturu ilə qalibləri tanış edib, onların suallarını cavablandırıb. Müsabiqə qalibləri isə nazirliyin həyata keçirdiyi tədbir və layihələrdə yaxından iştirak edəcəklərini, yeni təşəbbüslər irəli sürəcəklərini bildiriblər

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.