Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev və DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin ekspertlər qrupu ilə görüş keçirib

18.11.2022

18 noyabr 2022-ci il tarixində Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev və DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İnsan kapitalı: qiymətləndirmə və inkişaf” mövzusuna həsr olunan görüş keçirib. Görüşün keçirilməsində əsas məqsəd I və II “Yüksəliş” müsabiqəsində iştirak edən ekspertlərlə əlaqəni itirməmək məqsədi yaradılan “Ekspertlər klubu”nun fəaliyyət istiqamətlərinin müzakirəsi idi. Görüşdə təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək, sosial layihələr keçirmək və daimi ünsiyyət saxlamaq barədə fikir mübadiləsi aparılıb. İclasda 35 nəfər iştirak edib. Qeyd edək ki, bu görüş I və II “Yüksəliş” müsabiqəsində iştirak edən ekspertləri bir araya gətirən “Ekspertlər klubu”nun ilk toplantısı idi.

Görüş Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev qonaqları salamlaması və “Ekspertlər klubu” haqqında məlumat verməsi ilə başladı. O “Yüksəliş” müsabiqəsi və DİM arasındakı uğurlu əməkdaşlıqdan söz açdı. Görüşdə müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsinin rolu, dünya təcrübəsində insan kapitalının qiymətləndirilməsi sahəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb. Sonda Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev və DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ekspertlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqənin 27 qalibi müəyyən edildi. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci “Yüksəliş” müsabiqəsi baş tutdu. İyul ayında başa çatan ikinci müsabiqənin 22 qalibi müəyyənləşdirilib.


PR-header-photo PR-header-photo PR-header-photo