“Müasir idarəçinin yüksəlişi (biliklər və kompetensiyalar)” mövzusunda görüş keçirilib.

12.05.2022

12 may tarixində “Yüksəliş” müsabiqəsi tərəfindən “Müasir idarəçinin yüksəlişi (biliklər və kompetensiyalar)” mövzusunda görüş keçirilib. Görüş “Yüksəliş” və “Opalus Partners Group” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd “Yüksəliş” müsabiqəsinin yeni kompetensiyalarının müzakirə edilməsi, Azərbaycanda cari insan kapitalının təhlili, həmçinin, inkişaf imkanlarının müzakirəsidir.

Gənclər və  idman nazirinin müavini, “Yüksəliş” İB-in İşçi qrupunun rəhbəri  Fərhad Hacıyevin qonaqları salamlaması ilə tədbirə start verilib . Tədbirdə  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Paşa Holdinqinin baş icraçı direktoru  Cəlal Qasımov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru müavini Xəyyam Məmmədov və “Opalus Partners Group” şirkətinin rəhbəri Çimnaz Qasımova iştirak. Daha sonra, “Yüksəliş” 2020-2021-ci il müsabiqəsinin qalibi Orxan Quliyev tədbir iştirakçıları ilə uğur hekayəsini paylaşıb.

Görüşdə ölkənin tanınmış şirkətlərin top menecerləri, dövlət və özəl sektorun insan resursları üzrə təcrübəli mütəxəssisləri və “Yüksəliş” müsabiqəsinin qalibləri təcrübələrini bölüşərək müasir idarəçinin uğurlu olması üçün tələb olunan bilik və səriştələrlə bağlı fikir mübadiləsi aparıblar. Rəqabətli insan kapitalının formalaşması, bu sahədə olan prioritetlər, yanaşmalar  və “Yüksəliş” müsabiqəsinin bu istiqamətlərdə verəbiləcəyi tövhələr əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, hazırda ikinci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi tamamlanmışdır. Qarşıda müsabiqə iştirakçılarını əyani mərhələ gözləyir. Bundan əlavə, müsabiqənin 2020-2021-ci il qaliblərinin idarəçi rəhbərlərlə mentorluq proqramı davam etməkdədir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.