Millət vəkili, kommunikasiya üzrə mütəxəssis Nigar Arpadarai:
“Kommunikasiya bacarığı dövrümüzün ən önəmli həyat bacarıqlarındadır”

06.01.2021
“Yüksəliş” müsabiqəsi işini davam etdirir. Əyani mərhələnin “Qabiliyyət üzrə yoxlama imtahan”nı bitirən müsabiqə hazırda 728 iştirakçı ilə bu mərhələnin növbəti imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”na hazırlaşır. Mövcud pandemiya şəraiti ilə əlaqədar müsabiqənin digər mərhələlərinin təşkili təxirə salınıb. Bu müddətdə müsabiqənin İşçi Qrupu tərəfindən bir çox dövlət və özəl strukturların nümayəndələri, müsabiqənin İdarəçi Rəhbər heyətinin üzvlərinin iştirakı ilə vebinarlar təşkil olunub və onlar idarəçiliklə bağlı təcrübələrini iştirakçılarla bölüşüblər.

Bu dəfə millət vəkili, kommunikasiya üzrə mütəxəssis Nigar Arpadarai iştirakçılara müasir idarəçi üçün vacib olan kommunikasiya bacarığının xüsusiyyətləri və formalaşdırılması ilə bağlı tövsiyələrini çatdırıb.

Kommunikasiya nədir?

Kommunikasiya bacarığı dövrümüzün ən önəmli həyat bacarıqlarındadır. Əksər araşdırmalar onu göstərir ki, işə qəbul zamanı namizədlərdən gözlənilən ən önəmli keyfiyyətlərdən biri məhz kommunikasiya bacarığıdır. Kommunikasiya məlumat mübadiləsidir. Məlumat mübadiləsi, ünsiyyət bizi cəmiyyət olaraq formalaşdıran bir amildir.

Dinləməyi bacarın

Yaxşı dinləyici olmaq ünsiyyət qurmağın ən önəmli yollarından biridir. Heç kim yalnız öz fikrini söyləmək istəyən, qarşı tərəfi dinləməyə vaxt ayırmayan biri ilə ünsiyyətdən zövq almır. Dinləməyi bacarmırsınızsa, o zaman qarşı tərəfin söylədiklərini anlamaqda çətinlik çəkəcəksiniz, həmçinin onun inamını qazana bilməyəcəksiniz.

Həmsöhbətinizi diqqətlə dinləyin

Həmsöhbətinizə hörmətlə yanaşın. Onun söylədiklərinə diqqət yetirin, aydınlaşdırıcı suallar verin. Onun dediklərini təkrarlamaqdan çəkinməyin. Aktiv dinləmə sayəsində qarşı tərəfin nə deməyə çalışdığını daha yaxşı başa düşəcəksiniz və ona uyğun cavab verə biləcəksiniz.

Bədən dilinizə diqqət yetirin

Tədqiqatlar göstərir ki, ünsiyyət zamanı danışığımız ümumi ünsiyyətin yalnız 35 faizini təşkil edir. Bunun 65 faizi vizual ünsiyyət elementlərindən ibarətdir.

Münasib ünsiyyət vasitəsini seçin

Ünsiyyətin hansı formatda qurulacağı da əhəmiyyətlidir. Məsələn, ciddi müzakirələr üçün üzbəüz söhbət daha münasibdir. Belə hallara karyera ilə bağlı müzakirələr, əmək vəziyyəti haqda dəyişikliklər və sairə daxildir. Ünsiyyət zamanı aydınlıq və dəqiqlik önəmlidir. Şifahi ünsiyyət zamanı nə çox, nə də az danışmaq lazımdır. Mesajınızı mümkün qədər az sözlə ifadə etməyə çalışın. Qarşı tərəfə çatdırmaq istədiyinizi dəqiq və birbaşa söyləyin. Əks halda qarşı tərəf sizin demək və çatdırmaq istədiyiniz əsas fikri itirə bilər.

Əminlik nümayiş etdirin

Qarşı tərəflə ünsiyyət zamanı və insanlar qarşısında çıxış edəndə rahat olmağa çalışın. Dediklərinizə əmin olun. Göz təması quraraq düzgün səs tonu və səmimi danışıqla bu əminliyi nümayiş etdirə bilərsiniz. Təkəbbürlü və aqressiv olmaqdan çəkinin. Mən adətən çıxışımdan öncə danışacağım nitqin, söyləmək istədiklərimin strukturunu ağlımda canlandırıram. Nitqim zamanı qarşımda yazılı çıxış olmasa da, ağlımda demək istədiklərimin çərçivəsi olur. Çalışdığınız sahədən asılı olmayaraq, uğur qazanmaq üçün daim öz üzərinizdə işləmək lazımdır. Bilik və bacarıqları artırmaq vacibdir. Heç vaxt təslim olmayın. Heç bir halda arzunuzdan imtina etməyin. Məqsədə çatmaq üçün atdığınız istənilən addım həm də özünü inkişafa doğru olan bir addımdır. Kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün əsas tövsiyəm odur ki, ünsiyyətdən qormayın.