“Yüksəliş” müsabiqəsi əmək və əhalinin sosial müdafiəsi nazirinin
təqdimatında vebinar keçirib

19.05.2021
Mayın 19-da “Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Sosial islahatlar” mövzusunda təqdimatla çıxış edib. Vebinarın moderatoru gənclər və idman nazirinin müavini, “Yüksəliş” İB-nin sədri Fərhad Hacıyev olub. S.Babayev Prezident cənab İlham Əliyevin tapşırıqlarına əsasən, sosial müdafiə tədbirlərinin gücləndirilməsi sahəsində atılan mühüm addımları qeyd edib. Son 3 ildə minimum pensiya məbləğinin 82%, müavinətlərin orta aylıq məbləğinin 95% artdığını, orta aylıq pensiyanın 60% artaraq 361 manata çatdığını, minimum və orta aylıq pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycanın MDB məkanında lider olduğunu diqqətə çatdırıb.

Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri barədə məlumat verib. Prezident cənab İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi yaradıldığını qeyd edib. Bildirib ki, bu mərkəzlər dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, şəffaf və müasir, innovativ əsasda təqdim edilməsinə imkan verib.

Nazir Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri vurğulayıb. S.Babayev postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazilər, erməni terrorundan zərər çəkənlər, eləcə də onların yaxınlarından ibarət 21 min şəxsə sosial dəstək göstərildiyini qeyd edib.

S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işləri, əlillik və reabilitasiya sahəsində islahatlar, nazirliyin fəaliyyət sahələrində elektronlaşma və innovativ həll proqramları, e-sosial.az portalı, e-xidmətləri, rəqəmsal məşğulluğa keçid, sosial ödənişlərin e-təyinat sistemləri və s. barədə də məlumat verib.

Nazir vebinarda iştirakçıların suallarını da cavablandırıb.

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün keçirilib.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsi Prezident cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

PR-header-photo