“Yüksəliş” müsabiqəsi əyani mərhələnin imtahanına start verir

07.09.2020


“Yüksəliş” müsabiqəsi sentyabrın 12-də əyani mərhələnin imtahanlarına başlayır. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunmuş 24 imtahan mərkəzində keçiriləcək. Əyani mərhələnin imtahanına müsabiqənin əvvəlki mərhələlərini uğurla keçmiş 940 nəfər qatılacaq. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil ediləcək.

Əyani mərhələ «Qabiliyyət üzrə yoxlama» və «İdarəetmə bacarıqları” üzrə olmaqla 2 imtahandan ibarətdir. Qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılardan 20 dəqiqədə abstrakt və məntiqi düşüncə üzrə 20 test sualının, 36 dəqiqədə rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 18 test sualının, 60 dəqiqədə isə verbal məlumatların təhlili üzrə 5 mətn və 30 test sualının cavablandırılması tələb olunacaq. 2 saat ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi doğru cavabların sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etməlidirlər.

Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ına yalnız “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçən iştirakçılar buraxılacaq. Əyani mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.

Əyani mərhələnin «İdarəetmə bacarıqları üzrə imtahan”ında iştirakçılardan 16 dəqiqədə düşüncə sürəti üzrə 20 sualın, 40 dəqiqədə sosial intellekt üzrə 25 situasiya və 50 sualın, 48 dəqiqədə idarəetmə potensialı üzrə 16 sualın, 30 dəqiqədə layihələrin idarə edilməsi üzrə 25 sualın, 30 dəqiqədə isə psixoloji xüsusiyyətlərin təhlili üzrə 75 sualın cavablandırılması tələb olunacaq. “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində şəxsi kabinetə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.

İmtahana gələrkən iştirakçılar ölkədə hazırki sanitar-epidemioloji qaydalara uyğun fiziki məsafəni qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər. İmtahan zalına girməzdən əvvəl iştirakçıların bədən temperaturu əməkdaşlar tərəfindən yoxlanılacaq. Temperaturu 37-dərəcədən yuxarı olan iştirakçılar imtahana buraxılmayacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11.760 nəfər qeydiyyatdan keçib. Onlardan 9.775 nəfər müsabiqəyə qəbul edilib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.