“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramına start verildi.

21.11.2023

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramına start verildi. İlk olaraq birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynov proqrama qəbul olunan Azərbaycan Texniki Universitetinin tələbəsi Maral Zeynalova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Elvira Səmədova və Mehman Bağırovla tanışlıq görüşü keçirib. 

Mentor Fəxri Hüseynov tələbələrin keçmiş təcrübələri haqqında məlumat alaraq onlarla Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbələrində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib, Fəxri Hüseynova Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür ediblər.

Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

PR-header-photo PR-header-photo PR-header-photo