"Yüksəliş" müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü təşkil edilib
"Yüksəliş" müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü təşkil edilib.
İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Elkiyar Ziyadov mentiləri - Bakı Dövlət Universitetinin tələbələri İsmayıl Fətiyev və Səkinə Məmmədova ilə Sumqayıt Kimya Sənaye Parkında növbəti dəfə səmərəli görüş keçirib.
Görüşdə tələbələrə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları barədə məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tələbələr Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə və keramik plitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Mentorluq proqramının sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 nəfər tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.