"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri arasında iclas keçirilib

13.10.2023

12 oktyabr tarixində "Yüksəliş" müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

İclasda "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkili Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər. 

Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva iclası açıq elan edərək Komitə üzvlərinə üçüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabatı təqdim edib. İclasda üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub. Aparılan fikir mübadiləsi nəticəsində müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, üçüncü müsabiqənin yekunlarına əsasən, "Yüksəliş" qalibi elan olunan iştirakçılar bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

PR-header-photo PR-header-photo PR-header-photo