“Yüksəliş” müsabiqəsi təsis edilib

26.07.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis olunub. Müsabiqənin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva sədr təyin edilib. Təşkilat Komitəsinin üzvləri aşağıdakı tərkibdə müəyyə olunub:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.